"Prokon" 2020-ci ilin fevral ayında Türkiyənin Ankara şəhərində yeni ofisini istifadəyə verib. Ofis Ankaranın əsas işgüzar mərkəzi hesab olunan Söğütözü ərazisində yerləşir.
Şirkətin strateji hədəfi mühəndislik, təchizat, tikinti və layihə idarəetməsi (EPC) xidmətləri göstərməklə regionda genişlənmək və aparıcı podratçıya çevrilməkdir. Türkiyədə ofisin açılmasında əsas məqsəd həm bu ölkənin daxili bazarındakı, həm də ətraf regionlardakı biznes imkanlarını dəyərləndirməkdir.
"Bu yeni ofis vasitəsilə regiondakı yeni bazarları araşdırmağı, yüksək ixtisaslı və təcrübəli mütəxəssisləri cəlb etməklə güclü tender şöbəsi yaratmağı, eyni zamanda Azərbaycandan olan gənc mütəxəssislərin yetişdirilməsini hədəfləyirik. Bundan əlavə, Türkiyənin coğrafi mövqeyi logistika və təchizat zənciri baxımından olduqca əlverişlidir. Bu üstünlük gələcəkdə həmin ofisin logistik əməliyyatlarımız üçün strateji mərkəz kimi fəaliyyət göstərməsinə imkan verəcək", – deyə Türkiyədəki " Prokon Maşınqayırma, Tikinti, İstehsalat, Quraşdırma, Sənaye və Ticarət " şirkətinin Baş Direktoru Umut Egel bildirib.
Böyük Britaniyada qeydiyyatdan keçmiş "Nobel Oil Services" şirkətlər qrupunun tikinti və layihə idarəetməsi üzrə törəmə müəssisəsi olaraq 2012-ci ildə Azərbaycanda təsis edilmiş "Prokon", sənaye tikintisi sahəsində irimiqyaslı layihələr icra edən aparıcı yerli şirkətlərdən birinə çevrilmişdir. Şirkət öz fəaliyyətində həm əməliyyat, həm də maliyyə göstəriciləri üzrə ən yüksək beynəlxalq standartlarariayət edir.
