"Prokon" şirkəti Abşeron rayonunun Hökməli qəsəbəsində yeni, müasir məktəb binasının tikintisini uğurla yekunlaşdırıb. Layihə, "NEQSOL Holding" tərəfindən korporativ sosial məsuliyyət (KSM) strategiyası və Azərbaycanda təhsilin inkişafına dəstək üzrə uzunmüddətli öhdəliyin tərkib hissəsi olaraq maliyyələşdirilib.
Sentyabrın 15-də rəsmi açılışı baş tutan yeni məktəb binası beynəlxalq standartlara tam uyğun şəkildə inşa edilib. 64 sinif otağından ibarət olan məktəb tək növbədə 1200-dən çox, iki növbədə isə 2400-ə qədər şagirdin təhsil alması üçün nəzərdə tutulmuşdur. Müəssisə müasir texnologiya və STEAM otaqları, laboratoriyalar, İKT kabinetləri, kitabxana, akt zalı, idman qurğuları, həmçinin inklüziv təhsil üçün nəzərdə tutulmuş xüsusi sahələrlə təchiz olunub.
Ümumi sahəsi 1,8 hektar, tikinti sahəsi isə 12 500 kvadratmetrdən çox olan layihə çərçivəsində futbol və basketbol meydançaları, 440 metrlik qaçış zolağı, abadlaşdırılmış yaşıl zonalar salınmışdır. Bununla yanaşı, ərazidə içməli su və yanğınsöndürmə su anbarları, asfalt örtüklü yollar və müxtəlif köməkçi tikililər daxil olmaqla mühüm infrastruktur qurulub.
Bu təşəbbüs "Prokon" şirkətinin tikinti və infrastruktur layihələrinin icrası sahəsindəki zəngin təcrübəsini bir daha nümayiş etdirir, ölkədə təhsilin və sosial rifahın yüksəlməsinə mühüm töhfə verir. Reallaşdırılan bu layihə gələcək nəsillər üçün müasir təhsil şəraiti yaradaraq Hökməli icmasına uzunmüddətli fayda verəcəkdir.
"Nobel Energy" şirkətinin törəmə müəssisəsi olan "Prokon", inteqrasiya olunmuş infrastruktur, sənaye zavodları və müvafiq obyektlərin layihələndirmə mərhələsindən başlayaraq tam təhvil verilməsinədək (EPC) idarə olunması üzrə ixtisaslaşmışdır. Yarandığı 2012-ci ildən bəri şirkət, peşəkar komandası, müasir texnoloji bazası və layihələrin təhlükəsiz və vaxtında tamamlanmasını təmin edən etibarlı idarəetmə sistemləri sayəsində müştəri məmnuniyyəti, layihə sədaqəti və uğurlu icra göstəriciləri üzrə yüksək nüfuz qazanmışdır.
