17 iyul 2017

Nobel Oil Services-in törəmə şirkəti olan Prokon MMC 5 illik yubileyini qeyd edir

"Prokon" MMC 2012-ci ildə "Nobel Oil Services" şirkətinin tikinti sahəsində özünü doğrultmuş təcrübəyə malik biznes strukturunun ixtisaslaşmış Tikinti və Layihə İdarəetməsi subyektinə çevrilməsi yolu ilə təsis edilmişdir. Şirkət layihələndirmə işlərindən tutmuş satınalma və tikintiyə qədər olan bütün mərhələlərdə inteqrasiya olunmuş infrastruktur, zavod və istehsalat obyektlərinin inşası proseslərinin idarə edilməsini həyata keçirir.

"Prokon" MMC ölkədə irimiqyaslı emal qurğularının inşasını həyata keçirmək imkanına malik azsaylı yerli podratçı şirkətlərdən biridir. Şirkətin icra etdiyi irimiqyaslı layihələr sırasına Sumqayıt şəhərində 39,27 hektar ərazini əhatə edən və müxtəlif ixtisaslar üzrə təxminən 2500–3500 nəfərlik heyətin cəlb olunduğu SOCAR Ammonyak və Karbamid Kompleksinin tikintisi daxildir. Şirkətin layihə portfelinə, həmçinin "SOCAR Polymer" üçün Çənlərin İstehsalı və Quraşdırılması, Sahənin Hazırlanması və PP/HDPE (Kondisiyalaşdırma Qurğusu) layihələri, "Norm" Sement Zavodu üçün Boru Kəmərinin Çəkilişi Layihəsi, CTIEC üçün Sement Silosu və Daxili Qaz Boru Kəməri Layihəsi, eləcə də "Samsung Engineering" üçün Qruntun Tədqiqi Layihəsi daxildir.

Yüksək keyfiyyətli xidmətlərin göstərilməsini təmin etmək məqsədilə "Prokon" MMC İnteqrasiya olunmuş İdarəetmə Sistemini işləyib hazırlayaraq tətbiq etmiş və beynəlxalq səviyyədə tanınmış "DNV GL" sertifikatlaşdırma orqanı tərəfindən ISO 9001, ISO 14001 və OHSAS 18001 standartları üzrə sertifikatlaşdırılmışdır. Beş il ərzində "Prokon" "DNV GL" tərəfindən keçirilən yeddidən çox kənar auditdən uğurla keçmişdir. Sözügedən sertifikatlar "Prokon" MMC-nin neft-qaz və tikinti sənayelərində satınalma, eləcə də layihələndirmə, tikinti və layihə idarəetməsi xidmətləri göstərmək səlahiyyətini təsdiq edir.

"Prokon" MMC mayeləşdirilmiş və təbii qaz qurğularının quraşdırılması və istismarı fəaliyyəti üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən sertifikatlaşdırılmışdır. Şirkət, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən bina və qurğuların tikinti-quraşdırma işlərinin aparılmasına dair verilmiş müddətsiz lisenziyaya sahibdir.

Şəffaf biznes fəaliyyətinə, eləcə də beynəlxalq və yerli mühasibat uçotu standartlarına tam uyğunluğuna görə "Prokon" MMC 2017-ci ilin fevral ayında Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Tərəfdaşı” statusuna layiq görülmüşdür.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Samsung Engineering", "Technip", "Norm", BP, "Biwater", CTIEC və GAMA kimi nüfuzlu müəssisələr "Prokon" MMC-nin əsas müştəriləri və tərəfdaşları sırasındadır.

Şirkət, müştərilərinin keyfiyyət və performans gözləntilərini geridə qoyaraq regionda aparıcı mühəndislik, satınalma, tikinti və layihə idarəetməsi xidmətləri təminatçısına çevrilməyi hədəfləyir. "Prokon" MMC həm təcrübəli mütəxəssisləri, həm də perspektivli gənc istedadları cəlb etməklə öz potensialını daim gücləndirir. Bu mütəxəssislər innovativ yanaşmalar tətbiq etməklə yanaşı, keyfiyyət yönümlü proseslər vasitəsilə yüksək standartlara cavab verən xidmət və həlləri təhlükəsiz, səmərəli və ekoloji baxımdan məsuliyyətli şəkildə təqdim etməyə böyük fədakarlıq və sadiqlik nümayiş etdirirlər. "Prokon" müştəri məmnuniyyəti, etibarlılıq, layihələrin uğurlu icrası və əməkdaşlarının peşəkar dürüstlüyü ilə qazandığı nüfuzdan qürur duyur.