22 iyun 2017

“Prokon” “Şəffaf Vergi Tərəfdaşı” statusuna layiq görülüb

“Nobel Oil Services” şirkəti onun EPC üzrə törəmə müəssisəsi olan “Prokon” MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Tərəfdaşı” statusuna layiq görüldüyünü məmnunluq hissi ilə bildirir.

“Şəffaf Vergi Tərəfdaşlığı” təcrübəsinin tətbiqi vergi ödəyiciləri ilə vergi orqanları arasında tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsinə və əməkdaşlığın yeni müstəviyə qaldırılmasına yönəlmiş tamamilə yeni yanaşmadır. Bu sistem, ilk növbədə, intizamlı vergi ödəyicilərinə xidmət edir. Layihənin üstünlüklərinə vergi ödəyicilərinin sorğularının daha qısa müddətdə cavablandırılması, bəyannamələrdə aşkarlanan uyğunsuzluqların aradan qaldırılması istiqamətində birgə iş prinsipləri və fərdi xidmətlərin göstərilməsi daxildir.

Vergi ödəyicilərinin “Şəffaf Vergi Tərəfdaşı” statusunu əldə etməsi üçün bir sıra meyarlar müəyyən edilmişdir. Belə ki, namizəd şirkətlər vergi hesabatlarını tam və vaxtında təqdim etməli, vergiləri vaxtında ödəməli, işçilərin sayını və əməkhaqqı fondunu bəyannamələrdə düzgün əks etdirməli, gücləndirilmiş elektron imzaya sahib olmalı və mühasibat uçotunu beynəlxalq və yerli standartlara uyğun aparmalıdırlar. Bununla yanaşı, vergi ödəyicilərinin yüksək riskli vergi ödəyiciləri kateqoriyasına daxil olan tərəfdaşlarla əməliyyatları olmamalı və onlar son üç il ərzində iqtisadi fəaliyyət sahəsində cinayət məsuliyyətinə cəlb edilməməlidirlər.

“Prokon” MMC 2012-ci ildə tikinti və layihələrin idarə edilməsi sahəsində törəmə müəssisə kimi təsis edilmişdir. “Prokon” MMC-nin icra etdiyi son layihələrə SOCAR-ın Ammonyak və Karbamid Zavodunun inşası, çənlərin quraşdırılması işləri və digər sənaye layihələri daxildir.