03 aprel 2018

Prokon SOCAR-ın Ammonyak və Karbamid Zavodunda Tikinti İşlərini Başa Çatdırıb

Prokon SOCAR-ın Ammonyak və Karbamid Zavodunda Tikinti İşlərini Başa Çatdırıb

“Nobel Oil Services” şirkətinin tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi olan “Prokon”, müəssisədə davam edən digər istismaravermə fəaliyyətləri ilə paralel olaraq, SOCAR-ın Ammonyak və Karbamid Zavodunda tikinti işlərini başa çatdırıb.

Layihənin EPC podratçısı “Samsung Engineering Co., Ltd.” şirkəti ilə tərəfdaşlıq edən “Prokon”, baş tikinti podratçısı qismində bu mühüm layihənin icrasını uğurla reallaşdırıb. Bakıdan təxminən 35 km şimalda yerləşən müəssisə vahid kompleks daxilində zəngin təbii qaz ehtiyatlarından xammal kimi istifadə etməklə, gündəlik 1 200 MTPD ammonyak və 2 000 MTPD karbamid istehsalı üçün layihələndirilmişdir.

Bu günə qədər Ammonyak və Karbamid zavodlarının, həmçinin Karbamidlə İşləmə Qurğularının tikintisi başa çatdırılmışdır və hazırda istismara hazırlıq işləri davam etdirilir. "Prokon" layihə çərçivəsində aşağıdakı əsas iş həcmlərini icra etmişdir: torpaq qazıntı işləri (120 380 m³), geri dolğu işləri (55 800 m³), beton işləri (51 500 m³), binaların inşası (7 587 m²), boru kəmərlərinin hazırlanması və quraşdırılması (371 410 WDI), çənlərin quraşdırılması (ümumi tutumu 31 310 m³ olan 16 çən), metal konstruksiyaların quraşdırılması (7 560 ton), güc kabellərinin çəkilişi (591 328 m), Ölçmə kabellərinin quraşdırılması (446 613 m), rəngləmə işləri (125 000 m²) və digər əlaqədar işlər.

2012-ci ildə Böyük Britaniyada təsis edilmiş “Nobel Oil Services” şirkətlər qrupunun tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi kimi Azərbaycanda təsis edilmiş “Prokon”, qısa müddətdə tikinti sənayesində irimiqyaslı layihələr icra edən aparıcı yerli şirkətlərdən birinə çevrilmişdir.

“Prokon” həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartları rəhbər tutur. Şəffaf maliyyə göstəricilərinə görə “Prokon” şirkəti, “Nobel Oil” sənaye qrupuna daxil olan digər müəssisələr kimi, Vergilər Nazirliyi tərəfindən təqdim edilən “Şəffaf Vergi Tərəfdaşı” statusuna layiq görülmüşdür.