“Prokon” şirkəti “SOCAR Polymer” şirkətinin PP/HDPE (Polipropilen/Yüksək Sıxlıqlı Polietilen) Layihəsi çərçivəsində Kondisionerləşdirmə Qurğusunda mühəndislik, satınalma və tikinti (EPC) işlərini uğurla tamamladığını elan edir.
Sumqayıtda yerləşən PP və HDPE zavodlarının şərq hissəsində quraşdırılmış Kondisionerləşdirmə Qurğusu hazır məhsulların saxlanılması üçün nəzərdə tutulub. Sahənin ümumi ölçüsü 84 × 176 metr, daxili hündürlüyü isə minimum 6 metr təşkil edir.
Layihənin icrasına 2016-cı ilin avqust ayında başlanılmışdır. Müqavilə öhdəliklərinə metal konstruksiyaların layihələndirilməsi, satınalınması, istehsalı və quraşdırılması, həmçinin yerli dövlət qurumlarından müvafiq icazələrin alınması daxil olmuşdur. Layihə çərçivəsində “Prokon” mühəndislik, torpaq qazıntı, geri dolğu, söküntü, suyun kənarlaşdırılması və qoruyucu çəpərlərin quraşdırılması da daxil olmaqla, sahənin hazırlanması, ümumi tikinti və torpaq işləri mərhələlərini uğurla icra etmişdir.
“Prokon” şirkəti “SOCAR Polymer” layihəsi çərçivəsində Kondisionerləşdirmə Qurğusunun inşasında istehsalat xəsarəti səbəbindən iş vaxtı itkisi (LTI) olmadan 350 000-dən çox adam-saat iş həcminin yerinə yetirildiyini məmnuniyyətlə bildirir. Rəhbərlik tərəfindən müəyyən edilmiş dəqiq təlimatlar və layihə komandasının “Qızıl Təhlükəsizlik Qaydaları”na ciddi riayət etməklə yüksək əməyin mühafizəsi mədəniyyətinə sadiqliyi bu uğurun qazanılmasını təmin etmişdir.
“Prokon” şirkəti irimiqyaslı downstream layihələrini icra etmək gücünə malik aparıcı yerli tikinti şirkətlərindən birinə çevrilmək məqsədilə 2012-ci ildə “Nobel Oil Services” qrupunun tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi kimi təsis edilmişdir. Şirkətin son layihələri sırasına SOCAR-ın Ammonyak və Karbamid Zavodunun tikintisi, çənlərin quraşdırılması və digər mühüm infrastruktur işləri daxildir.
